Çempionlar Liqasında yarımfinalın 2-ci oyununda “Real Madrid” “Mançester Siti”ni qəbul edəcək. Komandalar arasındakı ilk oyun İngiltərə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü matçda “Kral Klubu” Qareyt Beyl və Eden Azarın xidmətindən yararlana bilməyəcək. “Mançester Siti”nin heyətində isə Benjamin Mendi və Kayl Uolker bu görüşdə iştirak etməyəklər. Natan Ake və Con Stonsun zədə səbəbilə meydanda olub-olmayacağı dəqiq deyil.

Oyundan əvvəl baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. “Real Madrid”in uğurları üçün çalışan Karlo Ançelotti komandasının risk etməkdən çəkinməyəcəyini bildirib: “Aydındır ki, oyunumuzu müdafiədə qursaq istədiyimiz hücum futbolunu göstərə bilməyəcəyik. Rəqibin futbol fəlsəfəsi də buna maneə yaradır. Bəzi vacib matçlarda risk almalısınız. Biz bunu dəfələrlə edib uğur qazanmışıq. Quardiolanın “Bernabeu”da cəmi 1 məğlubiyyəti var. Amma bunun nəticəyə heç bir təsiri yoxdur. La Liqanı qazanmağımız komandada əlavə ruh yüksəkliyi yaradıb. Bu amil bizə çox kömək edəcək”.

Pep Quardiola isə rəqibin üstün cəhətlərini qeyd etməklə yanaşı Mançester Sitinin qələbə imkanlarını da dəyərləndirib: “Real Madrid” və “Mançester Siti” bu mərhələdə olmağa layiq klublardır. Rəqibimiz ilk oyunda bizimlə necə güclü olduğunu hər kəsə göstərdi. Ötən ildəki kimi yenə də finalda mübarizə aparmaq istəyirik. 1 qol fərqlə öndə olmağımız mərhələnin taleyini həll etmir. Qalib gəlmək üçün çox çalışmalıyıq. Ümid edirəm ki, nəticə istədiyimiz kimi olar”.

Qeyd edək ki, “Real Madrid” – “Mançester Siti” matçı bu gün saat 23:00-da başlanacaq.